Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı da kinonun yaranmasına təkan verib. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübh çağı”, “Qatarın dəmiryol vağzalına daxil olması”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzda yeni keyfiyyət dəyişikliyindən xəbər verirdi. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunaraq kinomuza şöhrət gətirmişdir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir: bu gün də sevilə-sevilə baxılan “O olmasın, bu olsun” ilk rəngli bədii filmi ekranlaşdırılır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Bu illərdə milli kino sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, kino sahəsində çalışan sənətkarlara diqqət və qayğı göstərilmişdir. 1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşamışdır. Məhz bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərkin, milli şüurun formalaşmasında və yetişməkdə olan nəslin tərbiyəsində mühüm rol oynamışdır. Bu filmlər məzmun və janr etibarilə kino sənətimizə yeniliklər gətirmiş və bu sənəti xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan filmləri içərisində müxtəlif peşə və sənət adamlarının həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu müxtəlifliyinin göstəricisidir. Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir. Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır. Bu gün də Naxçıvan Muxtar Respublikasında kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Ordubad, Babək və Sədərək Rayon Mədəniyyət Sarayları yenidən qurulmuş və müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur.
“Oğuz yurdu”
Kino sənəti tariximizi yaşadan salnamədir


Yayım tarixi :30-07-2020, 13:40

Oxunub : 57
Digər Xəbərlər
Çox Oxunanlar
1/5
Gündəm
Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Sədərək rayonunda anım mərasimi keçirilib
Rayon Uşaq-Gənclər Şahmat Məktəbində görüş keçirilmişdir
Azərbaycanlılara qarşı ermənilərin soyqırım siyasəti
Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Texnologiya Xəbərləri
Dünya Xəbərləri