Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz » OĞUZ YURDU
Contact Us






Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz

Baxılıb: 11


Azərbaycan xalqının ümummilli lideri ulu öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdən başlayaraq bütün sahələrdə olduğu kimi, Vətənin yüksək hərbi təhsil almış milli zabit kadrlarına da böyük ehtiyac olduğunu nəzərdən qaçırmamışdır. Məhz onun ciddi səyləri və mübarizəsi nəticəsində XX əsrin 70-ci illərinin əvvəllərində Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır. Həmçinin, Bakı Ümumqoşun Komandirləri Məktəbinə azərbaycanlıların daha çox sayda qəbul edilməsinə nail olunmuşdu. SSRİ-nin nüfuzlu hərbi məktəblərinə azərbaycanlı gənclər oxumağa göndərildi. Bu sahədə ən böyük uğurlardan biri təyyarəçilik məktəblərinə azərbaycanlıların oxumağa göndərilməsi idi.
“Ordusu olmayan xalqın, xoşbəxtliyi də ola bilməz”, - deyən ulu öndərimiz xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu ilə bağlı məsələlərə daha çox önəm verdi. Qısa zamanda Milli Ordunun formalaşması üçün təcili və təxirəsalınmaz tədbirlərə başlandı. Hər şeydən əvvəl bütün silahlı qüvvələr vahid komandanlıq altında birləşdi, ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi. Görülən tədbirlər öz bəhrəsini verdi. Ordu quruculuğunda islahatlar daha böyük miqyas aldı. Cəbhənin bir neçə istiqamətində Ermənistan silahlı birləşmələrinə güclü zərbələr endirildi.
Ümummilli lider Heydər Əliyev XX əsrin sonunda aparılan islahatları və qazanılan uğurlu nəticələri belə ifadə edirdi: “Biz 1993-cü ilin payızından başlayaraq Azərbaycanda müstəqil dövlətin bütün atributlarının yüksək səviyyədə qurulması, bərpa edilməsinə başladıq. O cümlədən, ordu quruculuğuna böyük önəm verdik, diqqət ayırdıq, bu işə məsuliyyətlə yanaşmağı təmin etdik. Odur ki, bu gün Azərbaycan ordusu yeni əsrin tələbləri səviyyəsində, yeni standartlara uyğun qurulubdur, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək iqtidarında olan səviyyəyə qaldırılıbdır”.
Ordusu olmayan xalqın xoşbəxtliyi də ola bilməz
Ulu öndərin bu tarixi çıxışından ötən dövr ərzində ordumuz öz döyüş qabiliyyətinə, texniki təminatına və digər göstəricilərinə görə daha da böyümüş və güclənmişdir. Bir faktı da qeyd etmək kifayətdir ki, son illərdə Azərbaycanın sürətlə artan dövlət büdcəsindən hərbiyə ayrılan xərclər mühüm yer tutur və ildənilə artır.
Azərbaycan iqtisadiyyatının güclənməsi ordu quruculuğunun inkişafında özünü açıq şəkildə göstərir. Bu tərəqqi Ermənistanda ciddi təşviş yaradıb. Bir tərəfdən Azərbaycan Milli Ordusunun getdikcə güclənməsi, digər tərəfdən isə Ermənistan ordusunun böhran vəziyyətinə düşməsi ermənilərin həyəcanını daha da artırıb. Artıq onlar qorxu altında yaşadıqlarını etiraf etmək məcburiyyətində qalıblar. Ermənistan rəsmiləri açıq şəkildə bəyan edirlər ki, aclıq və yoluxucu xəstəliklərin baş alıb getməsi hərbçilərin vəziyyətini xeyli ağırlaşdırıb. Bu səbəbdən valideynlər uşaqlarını hərbi xidmətə getməyə qoymurlar.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu birliklərinin əks həmləsi ilə Günnüt həsrətinə son qoyuldu. Düşmən tapdağı altında olan Şərur rayonunun Günnüt kəndi işğaldan azad oldu. Lələtəpə, Cocuq Mərcanlı qələbələrinə bir də Günnüt qələbəsi əlavə olundu. Düşmən gec-tez anlayacaq ki, günü gündən gücunu artıran, ən müasir silahlarla təchiz olunan qüdrətli Azərbaycan ordusu düşməndə bir qarış da işğal olunmuş torpaq buraxmayacaq.
Bu da reallıqdır ki, muxtar respublikamızda ordunun maddi-texniki təchizatı ilbəil yaxşılaşdırılır. Ordu quruculuğu prinsiplərinə ciddi əməl olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin şəxsi heyətləri üçün yeni əsgər yataqxanaları tikilir, onların məişət şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılır. Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi Sədərək rayonunda da hərbi hissələrin zabitləri üçün binalar və əsgər yataqxanaları tikilərək istifadəyə verilmişdir.
Azərbaycan Ordusu! İndi bu ad çəkiləndə hər bir azərbaycanlı qəlbən qürur duyur, ölkəsini layiqincə müdafiə edəcək ordunun olmasından böyük sevinc hissi keçirir. Bu gün iftixar mənbəyinə çevrilən ordumuz, düşmənin qorxulu yuxusuna çevrilib. Çünki ərazilərimizi işğal altında saxlayan da yaxşı bilir ki, daha Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyil. Xarici havadarlarından hər cür kömək alsalar belə, yenə Azərbaycan Ordusunun qarşısında aciz qalacaqlarını, müharibə başlayarsa, darmadağın olacaqlarını da gözəl anlayırlar.
Bu gün Azərbaycan dövləti regionda lider ordu yaratmağa nail olub. Artıq bizim ordu döyüş və mənəvi psixoloji hazırlığına, həmçinin müasir hərbi-texnika və silah-sursat təminatına görə birincilər sırasındadır. İldən-ilə hərbi qüdrətini artıran Azərbaycan Ordusunun bölmələri düşmənə tutarlı cavab vermək üçün mübarizəyə tam hazırdır.


“Oğuz yurdu”
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu