Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi » OĞUZ YURDU
Contact Us






Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edildi

Baxılıb: 9


2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası və qarşıda duran vəzifələrlə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətində müşavirə olub.
Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək bildirib ki, ümummilli liderin əsasını qoyduğu bu siyasət onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir” deyən ölkə prezidenti diqqəti və qayğısı ilə Azərbaycanda idman özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. İdmanın və bədən tərbiyəsinin inkişafı eləcə də Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılması sahəsində mühüm tədbirlər həyata keçirilmiş, müasir idman infrastrukturu yaradılmışdır. Bütün bunlar idmana göstərilən dövlət qayğısının əyani sübutudur.
Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idman siyasəti ulu öndərin siyasi kursunun davamçısı Ali Məclisin Sədri hörmətli Vasif Talıbov tərəfindən hərtərəfli qayğı və diqqətlə həyat keçirilir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikamızda müasir idmanın maddi-texniki bazası gücləndirilmiş, bədən tərbiyəsi və idmanın kütləvi hal alması üçün müasir olimpiya kompleksləri və digər idman obyektləri tikilərək gənclərin istifadəsinə verilmişdir. İdman və idmançılara göstərilən bu qayğı, yaradılan müasir şərait öz növbəsində muxtar respublikamızı beynəlxalq və yüksək səviyyəli yarışların keçirildiyi bir məkana çevirmişdir.
Muxtar respublikamızda idman üçün yaradılan bu müasir infrastruktur rayonumuzda da özünü göstərir. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da müasir idman məktəbləri və qurğuları istifadəyə verilib.
Qeyd olunub ki, hazırda rayonda Uşaq-gənclər şahmat və idman məktəbləri, mərkəzi stadion, süni örtüklü mini-futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən 12 federasiyanın yeddisinin rayon bölmələri yaradılıb. Sədərəkdə idmanla məşğul olanların sayı 2200 nəfərdir ki, onların 231 nəfərini qızlar təşkil edir. Sağlamlıq imkanları məhdud olan 15 uşaq və gənc də idmana cəlb olunub.
Rayonda 2018-ci il ərzində idman sahəsində əldə olunan uğurlardan bəhs edən Həbib İbrahimov bildirib ki, boks üzrə keçirilən muxtar respublika birinciliklərində rayonu təmsil edən komandanın üzvü Əlizadə Nofəl Naxçıvan şəhər açıq çempionatının qalibi adına layiq görülüb. Karate-do üzrə keçirilən muxtar respublika açıq birinciliyində iştirak edən Fuad Məmmədov birinci yerin qalibi olub, Canər Abbaszadə isə III yerlə kifayətlənib. Bundan əlavə respublika spartakiadasında 400 metr məsafəyə qaçışda Nərmin Əliyeva I yerin, stolüstü tennis üzrə isə Selcan Hüseynova III yerin qalibi adını qazanıblar. İntelektual oyunlar üzrə muxtar respublika birinciliyində iştirak edən Nurşən Məmişova uğurlu nəticə əldə edərək I yerin sahibi olub.
Müşavirədə qarşıya qoyulmuş vəzifələrdən danışan icra başçısı diqqətə çatdırıb ki, rayonda müasir idman infrastrukturunun, hərtərəfli şəraitin yaradılmasına baxmayaraq, hələ də mövcud imkanlardan lazımınca istifadə olunmur. Qarşıya qoyulmuş vəzifələrin icrası üçün rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, federasiyaların rayon bölmələri öz fəaliyyətlərini gücləndirməlidirlər. Aidiyyəti qurumlar tərəfindən rayonda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, gənc­lərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması işi diqqətdə saxlanılmalı, müxtəlif növlər üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməli, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışlarda rayon idmançılarının iştirakı təmin edilməlidir. Gənclər və İdman İdarəsi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birgə tədbirlər keçirməli, sağlamlıq imkanları məhdud idmançıların rayonun və muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasına nail olunmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, Uşaq-gənclər şahmat və idman məktəbinin fəaliyyəti gücləndirilməli, idman yarışları və müxtəlif idman oyunları müvafiq federasiya bölmələri ilə birlikdə təşkil edilməlidir.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Sədərək rayonunda 2019-cu il ərzində idman sahəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilib. Ötən il idman sahəsində fərqlənən idmançılar mükafatlandırılıblar.

Sərxan İSMAYILOV
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu