2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı » OĞUZ YURDU
Contact Us






2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunun sosial-iqtisadi inkişafı

Baxılıb: 9


Sədərək rayonunda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etdirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında sənaye məhsulunun dəyəri 0,8 faiz, kənd təsərrüfatının məhsulu 1,7 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,4 faiz artmışdır.

Sədərək rayonunun sosial-iqtisadi inkişafının
əsas göstəriciləri
*) müqayisəli qiymətlər üzrə

Sənaye
Yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud sənaye müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin dinamik inkişafını təmin etmişdir.
2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunda 345 min 300 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 0,8 faiz üstələmişdir.
Tikinti-quruculuq və
su təchizatı tədbirləri
İnvestisiya qoyuluşları hər bir sahənin dinamik inkişafını sürətləndirən mühüm amillərdən biridir.
Sədərək rayonunda 2019-cu ilin yanvar-fevral aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 32 min 800 manat dəyərində vəsait yönəldilmişdir. İnvestisiya qoyuluşlarının 964 min 300 manatı və ya 93,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Kənd təsərrüfatı
Əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Sədərək rayonunda 1 mart 2019-cu il tarixə 35,7 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Əkin sahəsinin 0,7 hektarını tərəvəz, 35 hektarını cari ilin çoxillik otları təşkil edir.
2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunda diri çəkidə 27,4 ton ət, 113,5 ton süd, 223 min ədəd yumurta istehsal edilmişdir. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 1,8 faiz artmışdır.
Sədərək rayonunda kənd təsərrüfatı sektorunda 188 min 800 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 1,7 faiz çoxdur.
Nəqliyyat, informasiya və rabitə, energetika
Müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunda nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması 1,6 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 194 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,4 faiz çoxdur.
Ötən dövrdə informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunda informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyərək 253 min 300 manat olmuşdur.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2019-cu ilin yanvar-fevral aylarında Sədərək rayonunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 0,5 faiz artaraq 5 milyon 199 min manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin 3,8 faizini və yaxud 196 min 600 manatını iaşə əmtəə dövriyyəsi təşkil etmişdir ki, bu da 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 0,4 faiz çoxdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 634 min 100 manata çatmışdır. Ödənişli xidmətlərin 19,3 faizi və yaxud 122 min 200 manatı məişət xidmətlərinin payına düşür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artmışdır.
Aparılan təhlillər göstərir ki, Sədərək rayonunda iqtisadi və sosial sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində dinamik inkişaf təmin edilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır.
Əməkhaqqı. 2019-cu ildə Sədərək rayonunda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 471,5 manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 113,1 faiz təşkil edir.
Ən yüksək orta aylıq əməkhaqqı dövlət idarəetməsi və icbari sosial təminat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, topdan və pərakəndə ticarət, yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışan işçilərdə olmuşdur.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması sahəsində Sədərək rayonunda bir sıra tədbirlər görülmüşdür. Məhz bu tədbirlərin nəticəsində 2018-ci ildə Sədərək rayonunda 86 yeni iş yeri açılmışdır ki, bunun 86-sı daimi iş yeridir.

Sədərək Rayon Statistika İdarəsi
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu