Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır » OĞUZ YURDU
Contact Us






Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır

Baxılıb: 15


XX əsrin sonlarında yenidən müstəqillik qazanmış Azərbaycan xalqı öz suverenliyini qorumaq üçün ordu quruculuğunu gücləndirirdi. Güclü, həmçinin yüksək hazırlıqlı ordunun yaranması günün ən vacib məsələsi idi. Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri ilə Azərbaycan Ordusu formalaşmağa başlayıb və görülən işlər nəticəsində ordumuz regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrilib. Bu gün fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycanın Silahlı Qüvvələri istənilən hərbi tapşırığı qısa müddətdə və yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Hərbi-strateji baxımdan region üçün böyük əhəmiyyət kəsb edən Naxçıvan Muxtar Respublikası ordu quruculuğu sahəsində həyata keçirilən ciddi və məqsədyönlü tədbirlər nəticəsində, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilib. Regionda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı hərbi birləşmələrinin maddi-texniki bazası gücləndirilib, hərbi hissələrdə hərtərəfli xidmət şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin maddi-texniki təminatı müasir tələblər nəzərə alınaraq möhkəmləndirilir, əsgəri yaşayış kompleksləri tikilir, zabit ailə­lərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Ordumuzun birləşmə və hissələrinin döyüş qabiliyyəti və peşəkarlığı artırılır. Naxçıvanın müdafiəsinin etibarlı təminatı hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasıdır.
Azərbaycan ordusu tarixi ədalətin bərpasına hər an hazırdır
Hərbi hissələrə hər səfərimiz zamanı daha bir yeniliyin şahidi oluruq və bir daha bu qənaətə gəlirik ki, indi bizim bir əsgərimiz düşmənin on hərbçisinə cavab verməyə qadirdir. Ordu həyatında kimliyindən asılı olmayaraq, öz peşəsinin əzəmətliliyinə görə qürur hissi keçirməyən hərbçi yoxdur. Bu gün düşmən tərəfini düşünülməyən addımlar atmaqdan çəkinməyə vadar edən amillərdən biri də regionda güclü hərbi potensiala malik Naxçıvan faktorunun olmasıdır. Çünki hərbi əməliyyatlar başlayarsa, düşmən ən ağır zərbəni Naxçıvandan ala bilər. Naxçıvanı düşmən qarşısında güclü edən orduya göstərilən dövlət qayğısı, nizam-intizama ciddi əməl olunmasıdır. Bu gün ordu quruculuğuna xüsusi diqqət göstərilir, bu istiqamətdə görülən işlər birbaşa muxtar respublika rəhbərinin nəzarəti altında və qayğısı ilə həyata keçirilir. Bunun nəticəsidir ki, öz inkişafı və tərəqqisi ilə bu gün düşmənə gözdağına çevrilən Naxçıvanda son illərdə etibarlı müdafiə təminatı ilə bağlı sistemli tədbirlər həyata keçirilib. Ali Baş Komandan Naxçıvana səfərləri zamanı hərbi hissələrdə olarkən ordu quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirərək deyib ki, Naxçıvanın müdafiə potensialı çox yüksək səviyyədədir. Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda istənilən hərbi vəzifəni icra etməyə qadirdir.
Üzərindən əsrin dörddə biri qədər zaman keçsə də, xalqımız törədilən cinayətləri, qanlı hadisələri unutmayıb. İndi o günləri xatırlayanda ordumuzun bugünkü qüdrəti ilə fəxr etməmək, qürur hissi keçirməmək olmur. Ona görə qürur hissi keçiririk ki, bu gün Azərbaycan sərhədlərində bu xalqın təpədən-dırnağa silahlanmış, vətənpərvər oğulları, peşəkar hərbçiləri dayanır. Təəssüf ediləcək məqamlar da var. Onlardan biri odur ki, əgər ötən əsrin 90-cı illərinin əvvəllərində bugünkü qüdrətə malik nizami ordumuz, milli liderimiz olsaydı, nə Xocalı soyqırımı törədilə, nə də torpaqlarımızın 20 faizi işğal oluna bilərdi.
İndi Naxçıvanın düşmənlə həmsərhəd hərbi məntəqələrində alınmaz qalalar olan müdafiə istehkamları yaradılıb, bu istehkamlar ən müasir silahlarla təchiz edilib. Bu mənzərəyə bir də səngərlərdə ayıq-sayıq dayanan dağ vüqarlı əsgərlərimizin qələbə əzmini, döyüşkənlik yağan çöhrələrini, əzəmətli baxışlarını da əlavə etsək, tam qətiyyətlə deyə bilərik ki, bütün bunları Heydər Əliyev ideyalarının qədim oğuz-türk məskənində, Naxçıvan-skilər, Kəngərlilər yurdunda təntənəsi, zəfəridir. İndi Vətənimizin keşikçiləri ilə səngərlərdə etdiyimiz söhbətlərin bir yekunu, bir nəticəsi, bir ortaq məxrəci var. Bu da ondan ibarətdir ki, müharibə başlasa, qələbə qazanmaq çox qısa vaxt aparacaq. Düşmən bu gün ən müasir silahlarla təchiz edilmiş ordumuzun, qəlbi Vətən eşqi ilə alışıb-yanan, tökülən qanları yerdə qoymaq istəməyən Vətən oğullarının qarşısında tab gətirə bilməz. Lap ötən əsrin sonlarındakı kimi, havadarları tökülüb gəlsə belə. Bu gün, hələlik, keşik çəkilən səngərlər sabah qələbəyə aparacaq cığırlardır. Onların sonu mütləq qələbə zirvəsi olmalıdır. Başqa yol yoxdur. Yaxşı ki, indi düşmənlə üzbəüz, əli tətikdə, gözü nişangahda olan, Vətənə keşik çəkən igid oğullarımız var. Bilirik ki, sərhədlərimiz əmin əllərdədir.
Tarixin müxtəlif dövrlərində azadlıq fədailərinin, günahsız insanların qanları tökülüb. 1992-ci ilin Xocalı faciəsində də tarix təkrar olundu. Yaxın tariximizə nəzər salsaq, belə hadisələrin dəfələrlə baş verdiyini görərik. Ancaq bu hadisələr yaddaşlarda təkcə faciə kimi deyil, həm də azadlığa doğru gedən yolda atılan qətiyyətli addımlar kimi qalacaqdır. XX əsrin sonlarında bu xalq bir daha sübut etdi ki, repressiyalara, sürgünlərə, həbslərə, hədə-qorxulara baxmayaraq, azadlıq yolundan dönməyib, əksinə, qəlblərdə istiqlal alovu daha da şölələnib.


“Oğuz yurdu”
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu