Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir » OĞUZ YURDU
Contact Us






Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir

Baxılıb: 19



Uzun əsrlərdən üzübəri özü ilə bərabər yeni həyat gətirən, torpağı oyadan, təbiəti canlandıran, könülləri təzələyən, təbiəti gözəlləşdirən, bayramlarımızın ən sevimlisi olan Novruz elimizə-obamıza qədəm qoyub. Al-əlvan Novruz şamları, yeddi cür şirniyyatlar, qırmızı kəmərli səməni ev-eşikdə bolluq, bərəkət simvoluna çevrilib. Minilliklər boyu xalqımız yazın gəlişinin xəbərçisi olan Novruzu ümummilli bayram kimi təntənə ilə qeyd edib. Bu ənənə yaşadılaraq və ildən-ilə daha da zənginləşdirilərək günümüzə qədər gəlib çatıb. Ulu öndər Heydər Əliyev Novruzu həm də milli birlik bayramı adlandırırdı: “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçib. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır. Eyni zamanda hər bir şəxsin qəlbinin bayramıdır, hər bir ailənin bayramıdır. Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra Novruz bizim dövlət bayramımız olubdur. Ona görə də xalqımızın gözəl ənənələrini son illərdə sürətlə bərpa edərək respublikamız, xalqımız bu bayramı ildən-ilə daha şən, gözəl, yüksək səviyyədə keçirir”.

Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir

Ən qiymətli milli dəyərlərimizdən birinə belə münasibətin ifadəsini ulu öndər Heydər Əliyevin bütün həyatı və siyasi fəaliyyəti dövründə görürük. Bunun bariz təzahürüdür ki, ümummilli liderimizin ölkədə siyasi hakimiyyətə yenidən qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir. Doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında eləcə də rayonumuzda Novruz xüsusi şövqlə keçirilir. Bu qədim diyarda Novruzla bağlı özünəməxsus adət-ənənələr formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli dəyərlərə böyük sevgi və ehtiramı bu bayramın tarixi köklərə bağlı şəkildə keçirilməsini, onun ümumxalq şənliyinə çevrilməsini təmin etmişdir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar diyarımızda bay­ram şənliklərinin daha yüksək sə­viy­yədə təşkilinə stimul vermişdir. Xalq yaradıcılığı günləri çərçivəsində Naxçıvan şəhərində, rayon mərkəzlərində, kənd­lərdə, idarə, müəssisə və təşkilatlarda, təhsil ocaqlarında bir-birindən maraqlı tədbirlərin keçi­ril­məsi bu bayramın, doğrudan da, ümum­xalq şənliyinə çevrilməsinin gös­təricisidir.
Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilmiş Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır, bir daha xoş əhval-ruhiyyə nümayiş etdirir. Çünki Azərbaycan xalqı bütün varlığı ilə bu bayrama bağlıdır. Müstəqilliyimiz əbədi, dönməz olduğuna görə xalqımız bundan sonra da adət-ənənələrini uca tutacaq, onları qoruyub inkişaf etdirəcəkdir.
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Sədərəkdə ümumrayon şənliyi keçirilib.
Bayram tədbirində qeyd olunub ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Novruz bütün Türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona Novruzu unutdura bilmədi. Xalqımız ən çətin zamanlarda belə, öz əziz bayramını qoruyub yaşadıb, bu günümüzə gətirib çatdırıb. Təbiətlə əlaqədar olan bu gözəl bayramımızın indi dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə əmanət etmək deməkdir.
Tədbirdə Sədərək rayonunun musiqi kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığından nümunələr nümayiş etdirib, Kosa, Keçəl və Bahar qız tamaşa göstərib, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Sonra tədbir iştirakçıları Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə tamaşa ediblər. Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Mədəniyyət işçilərinin rəqsləri, baharı, Azərbaycanı, Naxçıvanı tərənnüm edən mahnılar bayram şənliyi iştirakçılarında xoş ovqat yaradıb.
Şənlik əsnasında rayon sakinləri ilə də görüşüb həmsöhbət olduq. Ömrünün 80-ci ilini geridə qoymuş kənd ağsaqqalı Əkbər Kərimov dedi ki, 20 ildən çoxdur Sədərək sakinləri bütün bayramları, eləcə də Novruz bayramını əmin-amanlıqda qarşılayır, insanlar heç bir şeydən çəkinmədən bayram tonqalları qalayır, şənlik edirlər. Şən mahnıların səsi sərhədin o tayına, mənfur düşmənin yaşayış məntəqələrinə qədər gedib çıxır. İllər öncə Heydərabad qəsəbəsinin ərazisində nəinki tonqal qalamaq, hətta sərbəst şəkildə gəzməkdən belə söhbət gedə bilməzdi. İndi isə vəziyyət başqadır. Düşmən artıq ordumuzun qüvvəsini yaxşı bilir. Bilir ki, onlar tərəfindən atılan hər hansı bir səhv addım ağır nəticələrə gətirib çıxara bilər. Bugünkü Novruz şənliyində insanların bu qədər arxayınlıqla iştirak etməsi bir daha onu göstərir ki, sədərəklilər dövlətimizin gücünə, qüdrətinə tam əmindirlər. Elə bu əminlik də rayon sakinlərini torpağa, yurda daha sıx tellərlə bağlayır, onları daha yaxşı işləməyə, Sədərəyi daha da çiçəkləndirməyə sövq edir.

Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir

Rayon sakinlərindən Cəmil Babayev və Saleh Heydərov da bayram təəssürat­larını bizimlə bölüşdülər. Həmsöhbətlərimiz dedilər ki, Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Bu baxımdan sədərəklilər də Novruz bayramını böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Çünki qarşıdan gələn hər yeni ildə Sədərəkdə yeni-yeni quruculuq ünvanları, məktəblər, bağçalar fəaliyyətə başlayır, yeni iş yerləri açılır, əhalinin gün-güzəranı yaxşılaşır. Hər bir sədərəkli göstərilən qayğıya görə dövlətimizə minnətdardır.
Tədbir iştirakçıları sonra xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxıblar. Sərgidə xalq sənətinin ağac­işləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, həmin gün Sədərək kənd mərkəzində də bayram tədbiri keçirilib.

“Oğuz yurdu”
Məqalədə və ya saytda hər hansı bİr səhf var?

Mausla həmin mətni və ya həmin sahəni işarələyib CTRL+ENTER düymələrini sıxın.
Açılan pəncərədə tapdığınız səhf barədə saytın Baş Redaktoruna məlumat verin.
Diqqətiniz üçün təşəkkür edirik.

Haqqımızda

Oğuz Yurdu Qəzeti 2000-ci ildən Sədərək Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. Qəzetin redaktoru Sərxan İsmayılovdur. Saytdakı və Qəzetdəki məlumatlardan istifadə edərkən müəllif hüquqlarının qorunması və sayta istinad mütləqdir. Bütün Hüquqlar Azərbaycan Respublikasının Qanunvericiliyinə Əsasən Qorunur.

Təq Buludu